İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə birgə əməliyyat-taktiki təlimləri izləmişdir - FOTO
27.6.2014

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimləri keçirilmişdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev birgə əməliyyat-taktiki təlimləri izləmişdir.

Dövlət başçısına Azərbaycan Ordusunun yeni, ən müasir standartlara cavab verən hərbi texnika, silah və sursatları təqdim olundu. Azərbaycan Silahlı Qüvvələrinin texnika, silah və sursatlarına baxışdan sonra yeni silah sistemlərinin nümunəvi atışlarına başlandı. Dövlət başçısı əvvəlcə Hərbi Hava Qüvvələrimizin yeni silahlarından olan “Buk-MB” zenit-raket kompleksinin atış prosesini izlədi. Sonra Ali Baş Komandan İlham Əliyev artilleriya sistemlərinin nümunəvi atışlarına baxdı. Atışlara 82 millimetrlik “2B-24” minaatan, 120 millimetrlik daşınan “SANİ” minaatan və 152 millimetrlik “Msta-S” özüyeriyən haubitsa batareyaları cəlb edilmişdi.

Ümumilikdə, təlimlərə 4 min nəfərədək şəxsi heyət, 80 tank, 100-dək zirehli döyüş maşını, 80-ə qədər artilleriya sistemi, 10 döyüş təyyarəsi, 20-dək döyüş və nəqliyyat-döyüş helikopteri cəlb edilmişdi.

Təlimlərdə Azərbaycan Respublikası ərazisinin müdafiəsi və təcavüzkarın məğlubiyyətə uğradılması məqsədilə Silahlı Qüvvələrimizin və başqa silahlı birləşmələrimizin birgə fəaliyyətinin planlaşdırılması və təşkili, həmçinin dövlət sərhədinin mühafizəsi və müdafiəsi, əks-hücuma keçməklə təcavüzkarın əsas qüvvələrinin darmadağın edilməsi ilə bağlı məsələlər diqqət mərkəzində oldu. Təlimlərdə qarşıya bir sıra məqsədlər qoyuldu və tam yerinə yetirildi.

President.az