Luis Suarezin dişi başına bəla oldu – FİFA-dan cəza
27.6.2014

FİFA Uruqvay millisinin hücumçusu Luis Suaresi 4 ay müddətinə futboldan kənarlaşdırıb.

FİFA Uruqvay millisinin hücumçusu Luis Suareslə bağlı məsələyə baxıb və futbolçu barəsində ciddi cəza tədbirləri görülüb.

FİFA-nın saytında bildirilir ki, Suares Uruqvay millisinin dünya çempionatları çərçivəsində keçirəcəyi yaxın 9 oyununda iştirak edə bilməyəcək. Onun yaxın 4 ay ərzində futbola bağlı olan istənilən fəaliyyətinə də qadağa qoyulub. Bu, o deməkdir ki, Suarez Dünya Çempionatından sonra da cəzası bitənə qədər futbol oynaya bilməyəcək.

Bundan əlavə, Suares 100 min İsveçrə frankı məbləğində cərimə edilib.

FİFA-nın bu qərarı Uruqvay-İtaliya matçında baş verən epizodla bağlı olub. Suares oyun epizodlarından birində italiyalı müdafiəçi Corco Kellinin çiynindən dişləyib.

FİFA-nın İntizam Komitəsinin sədri Klaudio Sulser bu halın istənilən futbol meydanında baş verməsinin yolverilməz olduğunu vurğulayıb: “Xüsusən də yüz milyonlarla azarkeşin baxdığı dünya çempionatı zamanı. İntizam komitəsi bu işin bütün faktorlarını nəzərə alıb və Suaresin cəza dərəcəsini müəyyən edib. Qərar açıqlandığı andan qüvvəyə minir.

Gün.Az