“Azərbaycanda dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, elektron xidmətlərin inkişafı, korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin başlıca istiqamətlərindəndir”.
Bu barədə Azərbaycan prezidenti İlham Əliyevin “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransa müraciətində bildirilir.
Müraciətdə qeyd olunur ki, Azərbaycanda korrupsiyaya qarşı uğurla mübarizə aparmaq üçün möhkəm siyasi iradə var: “Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərə qoşulub, qanunvericilik bazasını təkmilləşdirir, islahatlar həyata keçirir. Təəssüflər olsun ki, korrupsiya bütün dünyada, o cümlədən Avropa ölkələrində də aktual problemlərdən biri olaraq qalır. Ona görə də bu sahədə daim yeni təşəbbüslərin irəli sürülməsi zəruridir. Bununla bağlı Azərbaycanda tətbiq edilən dövlət xidmətinin göstərilməsində korrupsiyanı istisna edən, şəffaflığı təmin edən təcrübə digər ölkələr üçün də müsbət nümunə ola bilər. Əminəm ki, korrupsiyaya qarşı mübarizədə milli və beynəlxalq səylərin gücləndirilməsinə xidmət edən bu konfrans fəaliyyətimizin daha səmərəli təşkili və əməkdaşlığımızın möhkəmlənməsinə töhfə verəcək”.
Qeyd edək ki, prezidentin müraciətini Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev oxuyub.
APA