Türkiyənin tanınmış müğənnisi Rafet El Roman 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Bakıda pulsuz konsert verib.
Konsertdən əvvəl jurnalsitlərlə görüşən sənətçi, yerli mətbuatın
suallarını cavablandırıb. Sənətçi Bakıda çox böyük inkişafın olduğunu
deyib və şəhərə hər gəlişində məmnun olduğunu ifadə edib: “Bu şəhər mənə
çox doğmadır. Hər gəlişimdə buranı daha çox sevirəm, çünki bu ölkə
qardaşlıq ölkəsidir. Doğrudur, bu dəfə səfərim daha qısa olacaq, amma
gəldiyimdn bəri şəhərin müxtəlif yerlərini gəzməyə müvəffəq olmuşam. Bu
şəhəri gəzməyi sevirəm”.
Hazırda oğlu və həyat yoldaşı ilə Almaniyada yaşadığını deyən müğənni
bundan sonra bütün maqazin verilişlərindən uzaq duracağını söyləyib:
“Maqazin verilişlərindən uzaq durmaq istəyirəm. Qarmaqarışıq həyatdan
bir az uzaq və məsafəli durmağa çalışıram. Artıq yetər. 18-20 ildir
sənətdəyəm. İstəyirəm ki, bundan sonra insanlar Rafet el Romanı
mahnılarda, onun yaratdığı əsərlərdə xatırlasınlar. Artıq bu məsələyə
son dərəcə diqqətli davranıram”.
Daha sonra səhnəyə çıxan müğənni bütün mahnılarını tamaşaçılarla bir
yerdə oxuyub. Rafet El Romanla bərabər, səhnəyə azərbaycanlı gənc
müğənni Ceyla da çıxıb.
APA