“Turizm ili” çərçivəsində Lənkəranın Sütəmurdov kəndində “Palmalife Lenkaran Resort” hoteli istifadəyə verilmişdir. Açılış mərasimində çıxış edən hotelin baş meneceri Zəfər Atakan Lənkəranın turizm imkanları barədə danışmış, mehmanxananın yerli və xarici qonaqları yüksək səviyyədə qəbul edəcəyini bildirmişdir. Sonra ölkəmizin tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil edilmiş və atəşfəşanlıq olmuşdur.
Azərbaycanın füsunkar guşələrindən olan Lənkəranda, Xəzər dənizinin sahilində yerləşən “Palmalife Lenkaran Resort” hotelinin ümumi sahəsi 3,7 hektardır. Çoxsaylı ağac və gül kollarının, palıd meşəsinin və fəvvarələrin əhatəsində yerləşən, 6 kottecdən və 22 nömrədən ibarət hoteldə eyni vaxtda 100 turistin istirahəti üçün hər cür şərait yaradılmışdır.
Restoran kompleksinin tərkibinə bar, çayxana, kafe və konfrans zalı daxildir. Mükəmməl servisi ilə fərqlənən restoranın menyusunda Azərbaycan və Avropa mətbəxinin ən gözəl nümunələri yer alır. İdman kompleksində tennis kortu, basketbol, voleybol və uşaqlar üçün oyun meydançası inşa olunmuşdur.