Bu gün AFFA-nın inzibati binasında Azərbaycan Futbol Federasiyaları
Assosiasiyasının növbəti hesabat-seçki konfransı keçirilib. Konfransdan
sonra AFFA-nın yeni prezidentinin adı məlum olub.
AFFA prezidentliyinə yeganə namizəd hazırkı prezident Rövnəq Abdullayev
idi. O, növbəti 5 il üçün yenidən quruma rəhbərlik etmək hüququna
yiyələnib. Təbii ki, yekdilliklə.
Lakin bundan öncə konfransda ilk olaraq AFFA rəhbərliyinin hesabatı
dinlənilib. Çıxışlardan sonra isə AFFA prezidenti və İcraiyyə
Komitəsinin üzvləri seçilib.
Maraqlıdı ki, İcraiyyə Komitəsinə namizədliyi verilən 10 nəfər də elə
əvvəlki heyətin üzvləriydi. Rauf Əliyev, Elşad Nəsirov, Ələkbər
Məmmədov, Kazbek Tuayev, İsgəndər Cavadov, Mirkamil Rəhimov, Hafiz
Məmmədov, Cahangir Əsgərov, Mahir Məmmədov və Elmar Qasımov yenidən bu
quruma üzv seçilib.
Xatırladaq ki, Abdullayev və İK-nın üzvləri 2008-ci ilin martın 14-də bu
vəzifələrə seçilmişdilər. Bunadək AFFA-nın 2 prezidenti – Fuad
Musayevlə (1992-2003) mərhum Ramiz Mirzəyev (2003-2007) olub.