Kann kinofestivalında əldə olunan uğurdan bir ay keçməmiş “Azərbaycanfilm”in daha bir yeni ekran əsəri “A” sinifli beynəlxalq kinofestivalın müsabiqəsinə qəbul edilib.
Kinostudiyadan verilən məlumata görə, çəkilişləri yenicə yekunlaşan “Axınla üzü aşağı” filmi 5-12 iyul tarixlərində Karlovı Varıda keçiriləcək beynəlxalq kinofestivala dəvət alıb.
Film “East of the West” (“Qərbdən Şərqə”) müsabiqə proqramında yarışacaq.
Beləliklə, iyulun 10-da Çexiyanın Karlovı Varı şəhərində Azərbaycan filminin dünya premyerası baş tutacaq.
“Axınla üzü aşağı” psixoloji ailə dramıdır. Filmdə əsas hadisələr Mingəçevirdə, Olimpiya Mərkəzi məşqçisinin evində cərəyan edir. Baş verən faciə onu ətrafındakı insanlara, birinci növbədə həyat yoldaşına, ümumilikdə isə həyata baxışını yeniləmək məcburiyyətində qoyur.
Filmin ssenari müəllifləri Asif Rüstəmov və Quram Pertaxiya, qurluşçu rejissoru Asif Rüstəmov, operatoru Ayxan Salar, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, baş prodüseri Müşfiq Qatamovdur.
Baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Ancevska və Teymur Məmmədov ifa ediblər.
Karlovı Varı festivalı FİAPF-da qeydiyyatdan keçən “A” sinifli 12 beynəlxalq kinofestivaldan biridir. O, 1956-cı ildən keçirilir. Festivalın baş mükafatı sayılan “Qızıl piyalə” ən yaxşı filmə təqdim olunur.
Bu il festivalın qonaqları sırasında Fanni Ardan, Mel Gibson, Laura Dem, Andrey Zvyaqintsev, Asiya Acento və başqaları olacaq.
Gün.Az