Həsən Əliyev küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti 1 həftəlik məhdudlaşdırılıb
3.7.2014

Bakının Nərimanov rayonu Həsən Əliyev küçəsinin Azər Əliyev küçəsindən Tbilisi prospektinə qədər olan hissəsi bağlanıb.

Bunu Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, hazırda kommunikasiya xətləri üçün qazılmış xəndəklərdə kipləşdirmə işləri gedir. Bundan başqa, kommunikasiya quyularının dəmir-beton piltələri yenilənir, beton bordürlər isə mərmərlə əvəz edilir.

“Maksimum işlər 1 həftəyə yekunlaşacaq. Bununla da, Tbilisi prospektində bütün hissələrdə demək olar ki, işlər tamamlanacaq”, - deyə P. Mürsəliyev əlavə edib.

APA