Azərbaycan kinosuna dair yeni kitab
3.7.2014

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Quliyevanın “Azərbaycan kinosunda təsvir və musiqinin qarşılıqlı əlaqələri” kitabı “Təknur” nəşriyyatında çapdan çıxmışdır.

İnstitutdan bildirmişlər ki, sənətşünaslıq tarixinə, nəzəriyyəsinə dair respublikamızda və onun hüdudlarından kənarda dərc olunmuş çoxsaylı məqalələrin müəllifi olan Gülnarə Quliyevanın son monoqrafiyası milli sənətşünaslığımızda bu mövzuya həsr olunmuş ilk tədqiqat əsəridir. Alim əsərində yarandığı vaxtdan XX əsrin sonlarınadək olan dövrü əhatə edən Azərbaycan bədii kino incilərini tədqiqata cəlb etmiş, milli kino sənətimizi təsnifatlaşdırmış, musiqili-komediya, tarixi-qəhrəmanlıq, lirik-psixoloji mövzulu filmlərin təsvir və musiqi ardıcıllığını araşdırmışdır.

Kitabın elmi redaktoru sənətşünaslıq doktoru, professor Rəna Abdullayeva, rəyçiləri sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə və Əməkdar İncəsənət Xadimi Ayaz Salayev, “Ön söz”ün müəllifi isə AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, Əməkdar Elm Xadimi, Əməkdar İncəsənət Xadimi Zemfira Səfərovadır.

Monoqrafiya kino və musiqi sənəti üzrə mütəxəssislər, tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

AzərTAc