Azərbaycanda startupları dəstəkləyən investorlara xüsusi güzəştlər tətbiq olunacaq.
Bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov “Startup Azərbaycan 2014”ün yekun təqdimat mərasimində çıxışında bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə təkliflər hazırlanır.
Nazir texnoparklar üçün yaradılan şəraitdən danışaraq xatırladıb ki, bu ildən texnoparklar vergidən azad ediliblər.
Ə.Abbasov bu şirkətlərin gömrük rüsumundan azad olunması istiqamətində də işlər aparıldığını əlavə edib.
Nazir ölkədə İKT sahəsinə investisiyaların artacağını da qeyd edib. Onun sözlərinə görə, ən vacib istiqamətlərdən biri ağıl üstündə qurulan biznes sahələri olacaq.
“Elmə, ağıla, biliklərə marağı çoxaltmalıyıq. Bu sahədə görüləsi işlər çoxdur. Sevindirici haldır ki, son dövrlər gənc starupçıların həm sayı artıb, həm də fəallıqları yüksəlib",-deyə nazir əlavə edib.
Qeyd edək ki, mərasimdə Startup Azərbaycan 2014 layihəsinin yekunları və milli startup müsabiqəsinin nəticələri təqdim olunub. Üç ay davam edən müsabiqəyə 46 layihə təqdim edilib.
Müsabiqədə 1-ci mərhələ səsverməsi nəticəsində 15 yarımfinalçı startup layihəsi seçilib.
Səkkiz ekspertin iştirakı ilə keçirilən qiymətləndirmə əsasında 6 layihə finala çıxaraq qalib gəlib.
Gün.Az