Mehriban Əliyeva Kannda “Azərbaycan cazı” gecəsində iştirak edib
9.7.2014

İyulun 8-də Fransanın Kann şəhərində Azərbaycan günləri başlayıb.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən və iyulun 31-dək davam edəcək Azərbaycan günləri “Azərbaycan cazı” konsert proqramı ilə başlayıb.

Gecədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.

Konsertdə Azərbaycan cazının tarixini və müasir improvizasiyalarını əks etdirən kompozisiyalar təqdim olunub.

Konsert proqramında Azərbaycan cazının müxtəlif çalarları, həmçinin muğam-caz tamaşaçılara xoş anlar yaşadıb.

Gecədə iştirak edən qonaqlara Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Azərbaycanın tarixini, milli və modern musiqi ənənələrini əks etdirən kitablar təqdim olunub.

Azərbaycan günləri çərçivəsində tamaşaçılar ölkəmizi müxtəlif aspektlərdə - tarixi, musiqisi, ədəbiyyatı, klassik və modern incəsənəti ilə birlikdə görmək imkanı əldə edəcəklər.

Bu tədbirlər çərçivəsində Azərbaycan bayraqları və banerləri ilə bəzədilən Kann şəhəri yerli sakinlər və qonaqlara ölkəmizlə yaxından tanışlıq imkanı yaradıb.

Qeyd edək ki, Bakıda 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunlarının ölkədən kənarda təqdimatı ilə əlaqədar iyulun 9-da Kann şəhərinin məşhur Kruazett bulvarında atəşfəşanlıq təşkil olunacaq. Həmçinin Avropa Oyunlarının təqdimatı ilə bağlı burada qaçış üzrə marafon keçiriləcəkdir. Marafonun qalibinə Heydər Əliyev Fondu tərəfindən qiymətli hədiyyələr veriləcək.

Gün.Az