Qax Dövlət Kukla Teatrında Azərbaycanda milli teatrın yaranmasının 139-cu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Teatrsevərlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbiri teatrın direktoru Nazim Mahmudov açaraq, 10 mart - Milli Teatr Günü münasibətilə həmkarlarını təbrik etmiş, əyalət teatrının fəaliyyəti və qazandığı uğurlar barədə danışmışdır.
Qeyd edilmişdir ki, rayon mədəniyyət evinin nəzdində 1972-ci ildən dərnək, 1976-cı ildən isə xalq teatrı kimi fəaliyyət göstərən bu sənət ocağına 1992-ci ildə Dövlət Kukla Teatrı statusu verilmişdir. Teatr 2004-cü ildə “Qızıl Dərviş” mükafatına layiq görülmüşdür. Bu illər ərzində teatr dəfələrlə respublikamızda, eləcə də xarici ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirak etmişdir. Kollektiv 2011-ci ilin noyabrında Bakıda keçirilmiş I Beynəlxalq kukla teatrı festivalı, həmçinin, Teatr Xadimləri İttifaqının keçirdiyi “2+1” eksperimental teatr festivalında da uğurla çıxış etmiş, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Qeyd olunmuşdur ki, hazırda teatrda dahi mütəfəkkir M.F.Axundzadənin anadan olmasının 200 illik yubileyi ilə əlaqədar “Hacı Qara” tamaşası üzərində məşqlər başa çatmaq üzrədir. Kollektiv, eyni zamanda, Novruz şənliklərinə də ciddi hazırlaşır.
Tədbirdə teatrın ədəbi hissə müdiri Osman Abdullayevin Azərbaycan milli teatrının yaranması, keçdiyi inkişaf yolu barədə məruzəsi dinlənilmişdir. Natiq ümummilli liderimiz Heydər Əliyevin milli teatrımızın inkişafındakı əvəzsiz xidmətlərini xüsusi vurğulamış, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, teatr sənətinin inkişafı ilə bağlı müvafiq dövlət proqramlarının, qanunların qəbul edildiyini, teatrların maddi-texniki bazasının daha möhkəmləndiyini, bu sahədə çalışanlarının əməyinin qiymətləndirildiyini diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edən sənət adamları, ziyalılar teatrın yaradıcı kollektivinə gələcək fəaliyyətində uğurlar arzulamışlar.
AzerTac