Ötən iki gün ərzində Şamaxı, İsmayıllı, Qəbələ, Ağsu və Qobustan rayonlarına güclü qar yağması səbəbindən bəzi yollar buz bağlayıb.
Yol polisi əməkdaşlarının verdiyi xəbərə görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14 kilometrlik Ağsu aşırımı hissəsində, Muğanlı-İsmayıllı, İsmayıllı-Lahıc, Şamaxı-Pirqulu yollarının buz bağlaması ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşıb.
Martın 11-də və 12-də gecə saatlarından səhərədək Ağsu aşırımı bağlı qalıb. Yolun buzdan təmizlənməsi və nəqliyyat vasitələrinin hərəkətinin bərpası üçün ərazidə ağır texnikalar və canlı qüvvə işləyir.
Muğanlı-İsmayıllı-Qəbələ yolunun Basqal qəsəbəsindən keçən hissəsində, Şamaxının Pirqulu və digər kəndlərinə gedən yolların qar və buzdan təmizlənməsi üçün lazımi tədbirlər həyata keçirilir.
Sürücülərə alternativ olaraq Bakı-Qazax, Kürdəmir-Ağsu, Ucar-Göyçay, Ağdaş-Qəbələ yollarından istifadə etmək məsləhət görülür.
Qeyd edək ki, Ağsu aşırımında 15-20 sm, Şamaxı, İsmayıllı və Ağsunun dağ kəndlərinə isə 25-30 sm qar yağıb.
APA