Gənclər və İdman Nazirliyi (GİN), Xarici İşlər Nazirliyi ilə birgə cari ilin fevral-may aylarında Argentina, Braziliya, Belçika, CAR, Estoniya, Vyetnam, Kanada, Macarıstan və Meksikanın gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse yazı müsabiqələri keçirib.
GİN-in mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın verdiyi məlumata görə, esselər aşağıdakı tematik mövzular üzrə olub:
- Heydər Əliyev: Azərbaycan xalqının Ümummilli Lideri;
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallıqları;
- Azərbaycanın iqtisadi inkişafı;
- Azərbaycanın neft və qaz strategiyası;
- Azərbaycanın tarixi, incəsənəti və mədəniyyəti;
- Azərbaycanın əhalisi, dili, adətləri və dini;
- Azərbaycanın beynəlxalq siyasətdəki rolu;
- Azərbaycan və digər ölkələr: tarixi əlaqələr
Müsabiqələrin keçirilməsində əsas məqsəd Azərbaycanın milli-mədəni və tarixi irsinin xarici ölkələrin gəncləri arasında təbliğ etmək, xarici ölkələrin gənc alim və tədqiqaçtılarının Azərbaycanı yaxından öyrənmələri və elmi-tədqiqat fəaliyyətlərini müəyyən etmək, xarici ölkələrin gəncləri arasında Azərbaycan haqqında məlumatlandırmanı artırmaqdır.
Müsabiqənin yekunu olaraq qaliblər 2 iyul 2014-cü il tarixindən başlayaraq Azərbaycanda səfərdədirlər. 14 iyul tarixinədək davam edəcək səfər çərçivəsində müsabiqə qaliblərinə Azərbaycanı daha da yaxından tanımalarına və öyrənmələrinə şərait yaradılacaqdır.
Səfər çərçivəsində qaliblər Gənclər və İdman Nazirliyinin xüsusi diplomları və hədiyyələri ilə mükafatlandırılacaqlar. Proqrama əsasən qaliblər Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib, Heydər Əliyev Mərkəzində, Bakıda fəaliyyət göstərən Məscid, Sinaqoq və Kilsədə, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda, Qala Arxeoloji - Etnoqrafik Muzeyində, Qobustan Tarixi-Etnoqrafik və Bədii Qoruğunda, Azərbaycan Tarix Muzeyində, Nizami Gəncəvi adına Muzeydə, Təsviri Sənət Muzeyində, Lətif Kərimov adına Dövlət Xalçaçılıq Muzeyində, İsmayıllının Lahıc kəndində, İsmayıllıda, Qəbələdə, Şəkidə, Gəncədə, Göy-Göldə və s. yerlərdə olub, Aərbaycanın mədəniyyəti, tarixi və adət-ənənələri ilə tanış olublar.
Qaliblərin mükafatlandırılması mərasimi 11 iyul 2014-cü il tarixdə saat 11.00-ds ADA Universitetində keçiriləcəkdir.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əlieyin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının müvafiq yarımbəndinin (Xarici ölkələrin gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda müsabiqələrin keçirilməsi) icrasının təmin edilməsi məqsədilə həyata keçirilir.
Gün.Az