Gənclər Azərbaycanda “Da Vinçi”-nin sirrini axtaracaqlar
11.7.2014

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə DVC tərəfindən gənclər arasında “Kod Da Vinçi” İntellektual Gənclər Turniri layihəsinə start verilib.

DVC-nin mətbuat xidmətindən verilən xəbərə görə, layihədə Azərbaycanın 8 bölgəsinin 15 ali təhsil müəssisəsini təmsil edən gənclər iştirak edəcək. Layihənin məqsədi Azərbaycanın müxtəlif bölgələrindən olan gənclər arasında komanda ruhunun formalaşdırılması, fikir və təcrübə mübadiləsinin aparılması, qeyri-formal şəraitdə kreativ düşünmək bacarığının inkişaf etdirilməsi və onların gələcək əməkdaşlıqlara həvəsləndirilməsidir.

“Kod Da Vinçi” məntiqi intellektual oyunu – bir komanda oyunudur. Oyunun əsas mahiyyəti, komandaların növbəti mərhələyə keçməsini təmin edən “açarların” axtarışıdır. Hər komanda 5-10 nəfərdən ibarət olmaqla təşkil olunur. Oyunçular məntiqi tapmacanın (sualın, tənliyin və s.) “açar”-larını tapdıqdan sonra növbəti mərhələyə keçmək imkanı əldə edirlər. Beləliklə hər mərhələdən sonra yeni mərhələ gəlir. Tapmaçanın açarları və ya hər hansı bir cavabı oyun keçirilən meydançanın hər yerində gizlədilə bilər. Oyun müxtəlif yerlərdə keçirilə bilər: klubda, parkda, açıq təbiətdə, ofisdə və müxtəlif müvzuları əhatə edə bilər.

Turnirin gedişatı canlı olaraq DVC-nin Facebook sosial şəbəkəsində rəsmi səhifəsində əks olunacaq. Turnirin gedişatı haqqında canlı məlumat əldə etmək üçün www.facebook.com/dvc.pu səhifəsini bəyənmək lazımdır.

Qeyd edək ki, oyun DVC - nin “ekskluziv” məhsuludur. 2006-cı ildən bu günə qədər dövlət qurumları, beynəlxalq strukturlar və özəl şirkətləri təmsil edən 1500-dən çox nümayəndə “Kod Da Vinçi” məntiqi intellektual oyununun iştirakçısı olub. Onlar arasında SOCAR, Procter & Gamble, Coca-Cola, Azercell, Azerfon, Pasha Insurance, Pasha Life, "Təmiz Şəhər" ASC, GRBS, Gənclər və İdman Nazirliyi, Regional Gənclər və İdman İdarələri və s. yer alıb.


Gün.Az