Bakı şəhərindəki “Gülüstan” Sarayında Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı başlayıb. Qurultay iştirakçıları əvvəlc Fəxri Xiyabanda Heydər Əliyevin abidə kompleksini və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Qurultayın rəsmi açılış mərasimi Azərbaycanın Dövlət Himninin
səsləndirilməsi ilə başlayıb. Tədbirdə xaricdə yaşayan azərbaycanlı
gənclər tərəfindən təsis edilmiş təşkilatların nümayəndələrindən,
respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının
təmsilçilərindən, dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil
alan fəal azərbaycanlı gənclərdən, həmçinin Azərbaycan diaspor
təşkilatlarının rəhbərlərindən ibarət 500-dək nümayəndə və qonaq iştirak
edir.
Qurultay çərçivəsində 3 panel üzrə müzakirələr keçiriləcək. Birinci
paneldə “Xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması və
cəmiyyətə inteqrasiyası mədəniyyətlərarası dialoqun vacib
elementlərindən biri kimi” mövzusu ətrafında məruzələr ediləcək və
müzakirələr aparılacaq. İkinci panelin mövzusu “Azərbaycan lobbi
quruculuğu: müasir dünyanın reallıqları və tarixi təcrübə gənclərin
baxış bucağında”, üçüncü panelin mövzusu isə “Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılmasında yeni təbliğat üsullarından istifadə
və müasir informasiya texnologiyalarının tətbiqi” olacaq.
Panellər üzrə müzakirələr tamamlandıqdan sonra qurultay sənədlərinin
müzakirəsinə başlanacaq. Dünya Azərbaycanlı Gənclər Birliyinin
Nizamnaməsi, Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının
qətnaməsi, təşkilatın 2012-2015-ci illər üçün Fəaliyyət Proqramı və
digər sənədlər qəbul olunacaq. Daha sonra Dünya Azərbaycanlı Gənclər
Birliyinin rəhbər orqanları seçiləcək.