Özünüzü keyfiyyətsiz qarpızdan qoruyun (VİDEO)
17.7.2014

Yay ayında qarpızdan zəhərlənmə təhlükəsi hələ də aktualdır.

Yayın gəlişi ilə ən çox yeyilən bostan bitkilərindən biri insana faydası çox olan qarpızdır. O, qan təzyiqini nizamlayır, ürəyin funksiyasını yaxşılaşdırır, hətta xərçəngdən qoruyur. Qarpızın 95 faizi sudan ibarət olduğundan böyrəklərin işini yaxşılaşdırır, daş və duzları təmizləyir. Qarpız həm də çəkini artmağa qoymur. Bir sözlə, qarpız min bir dərdin dərmanıdır. Amma bəzən düzgün istifadə etmədikdə və becərilmədikdə insan həyatını təhlükəyə artır, zəhərlənmələr baş verir.

Qarpızın təbii yetişmə vaxtı iyul-avqust aylarıdır. Bəzən tez yetişməsi üçün ona azot gübrəsi verilir. Nitrat tərkibli bu gübrələr bitkinin tərkibində normadan çox olması isə zəhərlənməyə səbəb olur. Bunun olmaması üçün elə bitkinin yetişdirildiyi sahədə yoxlamalar aparılmalıdır.

Ekspert Vahid Məhərrəmovun fikrincə, qarpız və yemişlərin tərkibində nitratın dərəcəsini yoxlamaq üçün analizlər qarpız-yemiş bazarlara daxil olmadan yerində aparmalıdır: “Fermerlər yerli orqanlara müraciət etsə, həmin orqanlar da onlara məxsus bostanlarda müvafiq müayinələr apararaq obyektiv rəy versə, proses bu qədər qəlizləşməz. Eləcə də İrandan, Türkiyədən gətirilən məhsullar gömrükdən keçmədən obyektiv analiz olunmalıdır. Sertifikatsız məhsul satışına birdəfəlik qadağa qoyulmalıdır. Sertifikatın verilməsi isə mütləq qaydada düzgün aparılmalıdır”.

Alıcılar zərərsiz qarpızı alıb evə gətirdikdən sonra da diqqətli olmalı məqamlar var. Həkimlərin fikrincə, qarpızı başqa qidalarla yemək olmaz. O, yeməkdən ya bir saat əvvəl, ya da bir saat sonra yeyilməlidir. Çünki qarpız yağlı yeməklərlə qarışanda həzm prosesi pozulur. Məhz qida zəhərlənməsi də bu zaman baş verir.

Yəni bakterioloji zəhərlənmə qarpızdan olmur. Qarpız sadəcə hansısa qidadan baş verən zəhərlənməni sürətləndirir. Qarpızdan kimyəvi zəhərlənmə baş verə bilər ki, bu da ona verilən gübrə və meyvəyə vurulan pestisidlərdən yaranır. Bunun baş verməməsi üçün isə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti qarpız və yemişlərin tərkibini bazara çıxarılmamışdan əvvəl yoxlamalıdır.

Nazirlik açıqlamasında iyunun 10-dan sonra mütəmadi olaraq bu yoxlamaları etdiyini bildirib. Zəhərlənmə təhlükəsindən insanlar özləri də qoruna bilər. Belə ki, qarpız kəsilməzdən əvvəl mütləq yuyulmalıdır. Qarpızın zolaqları sarımtıl və ya qəhvəyi rəngdədirsə, bu onun tərkibinin qənaətbəxş olmamasından xəbər verir. Bütün bunlara diqqət etsəniz, keyfiyyətli məhsulla qidalanmaqla yanaşı sağlamlığınızın da qeydinə qalmış olarsız.
Video

www.anspress.com