Kanadada Beynəlxalq Niaqara Musiqi festivalı çərçivəsində Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri keçiriləcəkdir
25.8.2011

Avqustun 25-dən 29-dək Kanadada Beynəlxalq Niaqara Musiqi festivalı çərçivəsində Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri keçiriləcəkdir. Bu barədə tədbirin əlaqələndiricisi, Bakı Musiqi Akademiyasının professoru Mikayıl Hacıyev məlumat vermişdir.
M.Hacıyev demişdir ki, tədbirdə Azərbaycanın görkəmli heykəltəraş və rəssamlarından akademik Ömər Eldarovun, SSRİ Xalq Rəssamı Tahir Salahovun və başqalarının əsərləri təqdim ediləcək, klassik Azərbaycan musiqisi və muğamlardan ibarət konsertlər təşkil ediləcəkdir. Konsertlərdə Azərbaycanın musiqi sənətinin klassikləri Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Tofiq Quliyev, Niyazi, Firəngiz Əlizadə və başqalarının əsərləri ifa olunacaqdır.
Konsertlərdə Azərbaycanın Əməkdar İncəsənət Xadimi Niaqaranın fəxri beynəlxalq artisti İsmayıl Hacıyevin rəhbərliyi ilə “İpək yolu” Kanada kamera orkestri, habelə azərbaycanlı musiqiçi və ifaçılardan Xalq Artisti Ramiz Quliyev, Sahib Paşazadə, Ehtiram Hüseynov və başqaları, Azərbaycan musiqisinin vurğunu amerikalı musiqiçi Ceffri Verbax və başqaları iştirak edəcəklər.
Mikayıl Hacıyev demişdir: “Avqustun 26-sı Niaqarada Azərbaycan Muğamı Günü elan edilmişdir. Niaqara qeyri-adi şəhərdir. Burada Azərbaycan musiqisi ölkəmizin özündə olduğu qədər tez-tez səslənir. Azərbaycan musiqisi və muğam bu şəhərin sakinlərinin mentalitetinin, mədəni dünyagörüşünün tərkib hissəsinə çevrilmişdir. Onlar öz mədəni həyatlarını bu musiqisiz təsəvvür etmirlər. Niaqara festivalında Azərbaycan musiqisinin və muğamların səslənməsi o qədər böyük maraq doğurur ki, bu gün həmin festivalı Azərbaycan konsertləri olmadan təsəvvür etmək çətindir”.
Niaqara festivalı çərçivəsində bu şəhərdə Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri çərçivəsində Beynəlxalq Azərbaycan Muğamı studiyasının açılışı olacaqdır. Studiya Torontoda Kral Konservatoriyası nəzdində fəaliyyət göstərəcəkdir.
Azərbaycan 2006-cı ildən Niaqara Beynəlxalq Musiqi Festivalında mütəmadi iştirak edir. Builki festivalda dünyanın 70-dən çox ölkəsinin tanınmış musiqiçiləri iştirak edəcəklər. Festivalın rəhbərliyi tərəfindən aparılmış sorğuya görə, məhz Azərbaycan musiqisindən ibarət konsertlər daha böyük maraq doğurur.
Professor Hacıyev bildirmişdir ki, bu gün Torontoya yola düşən nümayəndə heyətinə mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, Milli Məclisin deputatları Arif Rəhimzadə və Elmira Axundova da daxildir.