Gəncədə tramvay yolu çəkiləcək
21.7.2014

Tramvaylar saatda 70 kilometrlik sürətlə səssiz hərəkət edəcək.

Gəncə şəhərində tramvay yolunun çəkilməsi layihəsi də gündəmdə qalır.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin mətbuata açıqlama verərək bildirdiyinə görə, 2015-ci ilin ortalarında “Newtl” şirkətilə müqavilənin imzalanması gözlənilir. Layihəyə 2015-ci ildən start veriləcək. Hazırda şəhərdə tramvay yolunun çəkilməsi üçün yeni xətlərin, marşrutların dəqiqləşdirilməsi işləri aparılır. Tramvayların Fransanın “SYSTRA” şirkətindən alınacağı gözlənilir.

Qeyd edək ki, ötən il noyabrın 20-də Gəncə şəhər İcra Hakimiyyəti ilə bu şəhərdə tramvay yolunu inşa edəcək Fransanın “Newtl” şirkəti arasında memorandum imzalanıb.

Gəncədə hərəkət edəcək tramvayın rəngi göy olacaq, üzərini tarixi və milli ornamentlər bəzəyəcək.

Tramvayın ümumi uzunluğu 25, eni 2.2 metr, ağırlığı isə 23 tondur. Tramvay rezin örtüklü təkərlərlə rels üzərində saatda 70 kilometrlik sürətlə səssiz hərəkət edəcək.

İlk olaraq Gəncənin Dəmiryol Stansiyasından Təcili Tibbi Yardım Xəstəxanasına kimi yol inşa ediləcək. Bu marşrut boyu 12 dayanacaq quraşdırılacaq və hər dayanacaqda hərəkətin vaxtını göstərəcək lövhələr vurulacaq.

Tramvay xətti ilə paralel velosiped yolu da çəkiləcək.

Qeyd edək ki, Gəncədə ilk tramvay yolu 1923-cü ildə çəkilib. Ötən əsrin 80-ci illərin ortalarında bu nəqliyyat vasitəsi şəhərdə ləğv edilib.

www.oxu.az