Naxçıvan Muxtar Respublikasının Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpası sürətlə davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinin və AMEA Naxçıvan Bölməsi abidənin
elmi-bərpa layihəsini hazırlayıb.
AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev bildirib ki, əvvəllər qalanın iki
əsas girişi olub. Bu girişlərdən biri Culfa-Qazançı yolunun sağ
tərəfindədir. Bərpa işlərinə bu hissədən başlanması məqsədəuyğun hesab
edilib və Əlincə dağının müəyyən hissəsinədək, daha doğrusu, qala
istehkamlarına qədər torpaq yol çəkilib. Dağın müəyyən hissəsinə yol
çəkilsə də, bərpa üçün zəruri olan tikinti materialları qalaya əllə və
digər yardımçı vasitələrlə qaldırılır. Qalanın üstü nəhəng tikinti
meydançasını xatırladır. Az müddət keçməsinə baxmayaraq, burada xeyli
bərpa işləri görülüb, qalanın şərq və qərb darvazaları bərpa edilərək
əvvəlki vəziyyətinə qaytarılıb. İri qaya parçalarından inşa edilən qala
divarlarının bərkidilməsi üçün əsasən əhəng məhlulundan istifadə edilib.
Vəli Baxşəliyev vurğulayıb ki, təmir və bərpa işlərinə rəhbərlik edənlər
nəinki divarların əslinə uyğun şəkildə bərpasına səy göstərib, həmçinin
bu əvəzedilməz abidənin neçə min il bundan əvvəlki əzəmətli görkəmini
də göstərməyə nail olublar. Qalanın üzərində yerləşən binaların
təmizlənməsi nəticəsində onların ilkin forması müəyyənləşdirilib. Bərpa
və təmizləmə işlərindən sonra məlum olub ki, qalanın yuxarı səki
hissəsindəki binaların bir qismi yaşayış sahəsi kimi, bir qismi isə
ictimai bina kimi istifadə olunub. Burada süvarilərin atlarını saxladığı
tövlələr, ərzaq anbarları və çörək bişirmək üçün təndirlər aşkar
edilib. Evlərin qızdırılmasında kiçik təndirlərdən və buxarılardan
istifadə olunub. Bir-birinin yaxınlığında yerləşən mənzillər əsasən
birotaqlıdır. Bəzi otaqların arxa divarlarında dördkünc formalı
taxçalar, evlərin içərisində isə kiçik təndirlər, həvənglər, əl
dəyirmanları aşkar olunub. Bir sözlə, təmir-bərpa işləri zamanı qalada
yaşayan insanların həyat tərzini özündə əks etdirən xeyli faktlar üzə
çıxarılıb.
“Əlincəqala” tarixdə Azərbaycan xalqının əyilməzlik və mübarizlik rəmzi
kimi böyük şöhrət qazanıb. Bu qala 1387-1401-ci illərdə, yəni 14 il Əmir
Teymurun qoşunlarının hücumlarına müqavimət göstərib. Bəzi mənbələrdə
qeyd edilir ki, Hindistana yürüşdən geri qayıdarkən Əmir Teymur artıq
tərk edilmiş qalaya daxil olur və onun möhtəşəmliyinə heyran qalır.
“Əlincəqala” yazılı qaynaqlarda VI əsrdən etibarən xatırlanır. Qalanın
xatırlandığı ən qədim mənbə “Kitabi-Dədə Qorqud” dastanıdır.
“Əlincəqala” haqqında tarixçilərdən Nəsəvi (XIII əsr), Şərafəddin Əli
Yəzdi (XV əsr), türk səyyahı Övliya Çələbi (XVII əsr) və başqaları
məlumat veriblər.

AzərTAc