“Nəqşicahan – Naxçıvan” sənədli filmi Türkiyə kanalında yayımlanacaq
23.7.2014

Türkiyənin “TRT AVAZ” kanalında “Nəqşicahan – Naxçıvan” sənədli filmi nümayiş olunacaq.

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi münasibətilə TRT-nin Bakı ofisinin nümayəndəsi Emrah Timuçin Yazıcının hazırladığı sənədli film 2 hissədən ibarətdir.

Filmdə Naxçıvanın tarixinə diqqət yetirilir, 1918-ci ildə Araz-Türk Cümhuriyyətinin qurulması və süqutundan, xilaskar türk ordusunun Naxçıvana köməyə gəlməsindən, Sovet İttifaqının 70 illik əsarəti dövründən və 1990-cı ildə Naxçıvana gələn ulu öndər Heydər Əliyevin qədim diyarı bəlalardan xilas etməsindən ətraflı bəhs olunur.

Naxçıvandakı tarixi abidələr də filmin əsas süjet xəttidir. Əshabi-Kəhf ziyarətgahı, Nuhun məzarı, Möminə Xatın türbəsi, təbii gözəllikləri ilə ziyarətçilərini ovsunlayan Batabat yaylası sənədli filmdə öz əksini tapıb.

“Nəqşicahan – Naxçıvan” sənədli filminin 1-ci hissəsi iyulun 23-də Bakı vaxtı ilə saat 15:00-da “TRT AVAZ” kanalında yayımlanacaq.

www.oxu.az