Prezidentdən mühüm sərəncam: Təhsil şöbələri ləğv olunur
25.7.2014

Prezident İlham Əliyev Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Təhsil Nazirliyinin aşağıdakı regional idarələri yaradılıb:

Sumqayıt şəhər, Abşeron, Xızı və Qubadlı rayon təhsil şöbələrinin bazasında Sumqayıt Regional Təhsil İdarəsi;

Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon təhsil şöbələrinin bazasında Xaçmaz Regional Təhsil İdarəsi;

İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayon təhsil şöbələrinin bazasında İsmayıllı Regional Təhsil İdarəsi;

Şəki şəhəri, Oğuz və Qəbələ rayon təhsil şöbələrinin bazasında Oğuz Regional Təhsil İdarəsi;

Balakən, Zaqatala və Qax rayon təhsil şöbələrinin bazasında Balakən Regional Təhsil İdarəsi;

Ağstafa, Qazax və Tovuz rayon təhsil şöbələrinin bazasında Ağstafa Regional Təhsil İdarəsi;

Şəmkir, Gədəbəy və Daşkəsən rayon təhsil şöbələrinin bazasında Şəmkir Regional Təhsil İdarəsi;

Gəncə və Naftalan şəhər, Samux, Göygöl, Goranboy, Kəlbəcər və Xocalı rayon təhsil şöbələrinin bazasında Gəncə Regional Təhsil İdarəsi;

Yevlax və Mingəçevir şəhər, Ağdaş və Bərdə rayon təhsil şöbələrinin bazasında Yevlax Regional Təhsil İdarəsi;

Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon təhsil şöbələrinin bazasında Tərtər Regional Təhsil İdarəsi;

Ucar, Zərdab, Kürdəmir və Göyçay rayon təhsil şöbələrinin bazasında Ucar Regional Təhsil İdarəsi;

Sabirabad, Saatlı, İmişli və Beyləqan rayon təhsil şöbələrinin bazasında Sabirabad Regional Təhsil İdarəsi;

Şirvan şəhər, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar və Cəbrayıl rayon təhsil şöbələrinin bazasında Salyan Regional Təhsil İdarəsi;

Masallı, Yardımlı və Cəlilabad rayon təhsil şöbələrinin bazasında Masallı Regional Təhsil İdarəsi;

Lənkəran şəhər, Astara və Lerik rayon təhsil şöbələrinin bazasında Astara Regional Təhsil İdarəsi.

Sərəncamda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə aşağıdakı məsələləri həll etmək tapşırılıb:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. Azərbaycan Respublikası Təhsil Nazirliyinin regional idarələrinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;

3.5. Bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Bu sərəncam 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, bununla Azərbaycanda təhsil şöbələri ləğv olunur.

Azərbaycan Prezidentinin bu gün imzaladığı digər sərəncamla Təhsil Nazirliyinin strukturu təsdiq edilib.

www.oxu.az