Əlil gənclərə biznes qurmaq üçün avadanlıq verilib
25.7.2014

24 iyulda Qəbələ rayonunda “Sosial İqtisadi İnkişafa Dəstək” ictimai birliyi və “World Vision International” humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyi əlilliyi olan 10 gəncə müxtəlif istiqamətlərdə sahibkarlığın inkişafı və fərdi biznesin qurulması üçün avadanlıqların verilməsi mərasimini keçirilib.

“World Vision International” humanitar təşkilatının “Əlilliyi Olan Şəxslərin Həyatında Müsbət Dəyişikliklər” layihəsi çərçivəsində Azərbaycanın Şimal-Qərb regionunda əlilliyi olan şəxslər üçün “Biznesin Qurulması Xidməti Təlimləri” həyata keçirilib.

Qəbələ, Qax, Oğuz və Şəki şəhərlərində ümumilikdə 87 əlilliyi olan gənc fərdi sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, biznes planlarının hazırlanması, sahibkarlıq fəaliyyəti və xidmətin təşkili haqqında ilkin məlumatlar alıb.

Təlimlərin yekununda əlilliyi olan gənclərin biznes təkliflərinə baxılıb. “World Vision International” humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyindəki seçim komissiyası tərəfindən Qəbələ rayonundan təqdim olunmuş 21 (iyirmi bir) biznes təklifindən 10 (on) təklif dəstəklənib. Dəstəklənən biznes təkliflərinin 6 nəfəri Qəbələ şəhərindən, 1 nəfəri Bum qəsəbəsindən, 1 nəfəri Vəndam qəsəbəsindən, 1 nəfəri Həmzəlli kəndindən və 1 nəfəri Dızaxlı kəndindən olan gənclərin təklifləridir.
Seçilən təkliflərin 2 nəfəri mühasibatlıq, 1 nəfəri hüquqşünas, 2 nəfəri kompyuter proqramlarının tədrisi, 1 nəfəri mebel sexinin təkmilləşdirilməsi, 1 nəfər avtomobil təmiri sexinin genişləndirilməsi, 2 nəfəri plastik sexinin genişləndirilməsi, 1 nəfəri səyyar qaynaq xidmətinin göstərilməsi istiqamətində olub.

Tədbirin açılışında, “Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyinin sədri Qalib Nəbiyev, “World Vision International” humanitar təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin direktoru cənab Giorgi Devidze, layihə rəhbəri Vuqar Əhmədov, Qəbələ Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Arzu Məmmədov, Qəbələ Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov, Qəbələ RİH-i nümayəndəsi Tural Bağırovvə KİV nümayəndələri iştirak edib.

Gün.Az