Parisdə Azərbaycanın dünya şöhrətli cazmen Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert keçiriləcək
13.3.2012

Azərbaycanın tanınmış pianoçusu, əməkdar artist Şahin Növrəslinin Parisdə böyük caz ustası Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konserti keçiriləcək. Martın 14-də Parisin məşhur «Le Reservoir» klubunda keçiriləcək konsertdə Vaqif Mustafazadə məktəbinin ardıclılarından olan Şahin Növrəsli həm öz əsərlərini, həm də Vaqif Mustafazadənin hamı tərəfindən sevilən kompozisiyalarını ifa edəcək.
Konsertin təşkilatçılarında olan “Buta” İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev bildirib ki, Vaqif Mustafazadənin xatirəsində həsr olunan böyük bir musiqi festivalının keçirilməsini planlaşdırılır: “Şahinin bu yeni proqramı böyük Vaqif Mustafazadəyə həsr olunub və onun təqdimatının Parisdə keçirilməsi bizim üçün böyük şərəfdir. Biz, həmçinin, Vaqifin xatirəsinə həsr olunmuş böyük musiqi festivalını təşkil etməyi planlaşdırırıq. Ümid edirik ki, bu böyük sənətkarın musiqi irsi tezliklə Avropanın ən yaxşı meydançalarında yenə də səslənəcək”.