Florensiyanın ən məşhur binalarından biri olan Palasso Vekkionun zalında
ekspertiza aparan mütəxəssislər Leonardo Da Vinçinin itmiş "Anqiari
altında döyüş" adlı divar naxışını aşkar etdiklərini bəyan ediblər.
Florensiyadakı mətbuat konfransında alimlər bildiriblər ki, məşhur
rəssama məxsus freskanın izlərini Böyük Şura zalının ("Beşyüzlər
salonu") şərq divarında Corco Vazarinin "Marçiano yanında döyüş" adlı
divar naxışının altından tapıblar. Xatırladaq ki, dahi rəssam bu əsər
üzərində 1503-1506-cı illərdə çalışıb.
Başda Leonardo Da Vinçi yaradıcılığının tədqiqatçısı Mauritsio
Seraçininin olduğu alimlər qrupu freskanı mikrokamera ilə təchiz olunmuş
və Vazarinin freskasının müstəvisinin üzərinə bərkidilmiş xüsusi qurğu
vasitəsilə aşkar ediblər. Həmin qurğu vasitəsilə götürülən nümunələr
ekspertizaya göndərilib və nəticələr çox böyük ehtimalla Palasso
Vekkioda "Beşyüzlər salonu"nda bu dahi rəssamın əsərinin yerləşdiyini
göstərib.