Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri Elman Araslı İordaniyanın Turizm naziri Hayfa Əbu Qazaleh ilə görüş keçirmişdir. Görüşdə Azərbaycanla İordaniya arasında turizm sahəsində əməkdaşlığın yaradılması, qarşılıqlı turizm imkanlarının öyrənilməsi məqsədilə bu sahədə fəaliyyət göstərən agentlik və şirkətlərinin səfər mübadilələrinin təşkili məsələləri müzakirə olunmuşdur.Söhbət zamanı son illər ərzində Azərbaycanın turizm sahəsində əldə etdiyi nailiyyətlər, turizmin inkişafı naminə hökumət tərəfindən atılan addımlar, həyata keçirilən iri layihələr haqqında iordaniyalı nazirə məlumat verən səfir bu il paytaxt Bakıda 5 beşulduzlu otelin istifadəyə veriləcəyini bildirmişdir.Ölkə başçısının təşəbbüsü ilə Azərbaycanda 2011-ci ilin "Turizm ili" elan edilməsini qeyd edən səfir bunun iki qardaş ölkə arasında turizm sahəsində konkret əməkdaşlığın qurulması üçün yaxşı fürsət olduğunu vurğulamış və İordaniyada turizm şirkətlərindən ibarət nümayəndə heyətini ölkəmizə səfərə dəvət etmişdir. Öz növbəsində iki ölkə arasındakı siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan iordaniyalı nazir turizm sahəsində əməkdaşlığın qurulması məqsədilə ilk növbədə turizm şirkətlərindən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili təşəbbüsünü müsbət qiymətləndirmiş, bura media mənsublarından ibarət qrupun da əlavə edilməsini təklif etmişdir. Eyni zamanda nazir xanım H. Əbu Qazaleh dövlətlərin turizm sahəsindəki əməkdaşlığının davamlı və səmərəli olması üçün ölkələr arasında birbaşa uçuşların əhəmiyyətini də vurğulamışdır. Təklifimizin tezliklə, Turizmin İnkişafı Şurasında müzakirəyə çıxarılacağını qeyd edən iordaniyalı nazir ölkəmiz və onun turizm imkanları ilə yaxından tanış olmaq məqsədilə gələcəkdə Azərbaycana səfər etmək arzusunda olduğunu da ifadə etmişdir.Görüş əsnasında iordaniyalı nazirə Səfirliyin dəstəyi ilə Azərbaycan haqqında yenicə nəşr olunmuş kitab da təqdim edilmişdir.