ABŞ-ın Yel və Kolumbiya universitetləri tərəfindən 2012-ci ilin yanvar ayında hazırlanmış Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksinə əsasən, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması sahəsində son 10 ildə gördüyü işlərə görə Azərbaycan 132 ölkə arasında 2-ci yeri tutmuşdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilmişdir ki, bu məsələ qeyri-hökumət təşkilatları ilə keçirilən görüşdə müzakirə olunmuşdur. Görüşdə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksində ətraf mühitin vəziyyəti və ekoloji vəziyyətin dəyişikliyinin 10 sahə üzrə 22 indikator əsasında qiymətləndirildiyini bildirmişdir.
Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri ABŞ universitetlərinin açıqladığı hesabatda ekoloji qiymətləndirmənin geniş çərçivədə aparıldığını, sırf ətraf mühit komponentləri ilə bərabər, qapalı məkanlarda havanın keyfiyyəti, uşaq ölümü, kənd təsərrüfatına subsidiyalar kimi məsələlərin də nəzərə alındığını yüksək qiymətləndirmişlər.
Görüşdə, həmçinin bildirilmişdir ki, ətraf mühitlə bağlı xəstəliklərin azalması sahəsində Azərbaycan maksimum nəticə göstərərək 1-ci yerə yüksəlmişdir. Qeyd olunmuşdur ki, bu uğurlar insan sağlamlığına mənfi təsir edən ekoloji problemlərin aradan qaldırılması istiqamətində ölkəmizdə görülmüş işlərlə bağlıdır.
AzərTAc