Bu bitki 25 ildən bir gül açır və sonra tədricən solmağa başlayır.
Maştağa qəsəbəsində yaşayan Balacaağa Dadaşov artıq 15 ilə yaxındır ki, bağbanlıq edir.
Həyətində 40-dan çox bitki növü əkən Dadaşov gününün çox hissəsini də bu güllərə qulluq etməklə keçirir. 7 sot hətəyində əkib-becərdiyi, yerli iqlimə uyğun olmayan bitkilərin əksəriyyəti isə kifayət qədər qulluq tələb edir.
Bağın ən qeyri-adi bitkilərindən biri, bəlkə də birincisi aqava bitkisidir. Ortasından çıxan gül 6 metrə qədər hündürlükdə qalxır və bu bitki 25 ildən bir gül açır. Sonra isə bitki tədricən solmağa başlayır.
Adətən Cənubi Amerika, Argentina, Çili və Meksikada rast gəlinən aqava bitkisinə məxsus olan bir ifadə var. Bu gül öz gözəlliyilə özü-özünü məhv edir.
Balacaağa Dadaşov deyir ki, həmin o, ağac gül açandan sonra, yəni öz gülünü görəndən sonra məhv olmağa başlayır: “Məndə də məhv olmağa doğru gedir. Sonra onun balalarını yetirmişəm, artırmışam. Mən həzz alıram, dincəlirəm, bitki gül açan anda dincəlirəm. Onlardan ən qeyri-adiləri, məsələn, bu aqava, mürtü var, gerandır, şimşatdır, taksusdur, meşə şamıdır”.
30 ilə yaxındır ki, bu sahədə çalışan mütəxəssis Əli Nəcəfov isə ilk dəfədir bu uzunluqda gül açan aqavaya rast gəldiyini deyir. Gülün bu qədər uzanmasını isə Əli dayı fərqli formada izah edir.
"Mən indiyə qədər bu boyda aqava görmədim. Mən bunu bu cür izah edirəm ki, bu gülün bu qədər uzanmasına səbəb onun üzərindən keçən elektrik naqilləridir. O, elektrik naqilləri bu ağacı özünə çəkir və bu da belə uzanıb. Mən belə düşünürəm”.
Əsas isə odur ki, indi adi bağban kimi tanınan Balacaağa kişi öz sahəsinin böyük mütəxəssisi kimi tanınır. Hər halda indi onun qulluq göstərib böyütdüyü aqava bir çoxlarının marağına səbəb olub və olacaq da.
Video
day.az