Şəhid olan gizirin medalı 11 yaşlı oğluna təqdim edilib - FOTO
4.8.2014

Azərbaycan Ordusunun cəbhə xəttində düşmənin həmləsini dəf edərkən şəhid olan 37 yaşlı giziri Almazov İsə Ziyad oğlunun müdafiə naziri Zakir Həsənov tərəfindən təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal onun ailəsinə təqdim olunub.

Medalın təqdimatı mərhum hərbçinin doğulduğu Qazax rayonun Cəfərli kəndində təşkil edilib. Mərasimdə Qazax rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Şəmkir Hərbi Birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərov, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Rövşən Əkbərov İsə Almazovun vətənini sevən bir gizir olduğunu və hərbi xidmətdə fərqləndiyinə görə bir neçə dəfə mükafatlara layiq görüldüyünü bildirib.

Korpus komandiri İsə Almazovun atasına və ailə üzvlərinə başsağlığı verərək “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı şəhidin 11 yaşlı oğlu Şahvələd Almazova təqdim edib. Rövşən Əkbərov şəhidlərinin qanının yerdə qalmayacağını, Ali Baş Komandanın əmri olarsa işğal altında olan ərazilərin düşməndən azad ediləcəyini deyib. O, cəbhə boyu hücuma keçən düşmənə layiqli cavab verildiyini bildirib.

Şəhidin yaxınları ailələri adından ölkə başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Şəhidin qardaşı Musa Almazov qardaşının şəhidlik zirvəsinə ucalmasından qurur hissi keçirdiyini deyib.



APA