Azərbaycanda sosial sığınacaqlar tikiləcək – FOTO
4.8.2014

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən sosial xidmətlər sisteminin maddi-texniki bazasının gücləndirilməsi üçün sosial reabilitasiya əhəmiyyətli yeni obyektlərin yaradılması istiqamətində müvafiq işlər aparılır.

ƏƏSMN-in mətbuat xidmətindən verilən məlumata görə, hazırda nazirliyin sifarişi ilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq, Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi, Qobustan rayonunda isə Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi inşa olunur. Həmin yeni sosial obyektlərin cari il ərzində istifadəyə verilməsi planlaşdırılır.

“ƏƏSMN ölkənin ayrı-ayrı regionlarında da belə obyektlərin yaradılmasını nəzərdə tutur. Belə ki, nazirlik tərəfindən Gəncə, Ağcabədi, Quba, Masallı, Şəki, Tovuz, İsmayıllı və Salyan rayonlarında da Yetkinlik yaşına çatmayanlar üçün hər biri 30 yerlik İxtisaslaşmış Reabilitasiya Mərkəzlərinin və 25 yerlik Sosial Sığınacaqların tikilməsi ilə bağlı layihə-smeta sənədləri hazırlanaraq müvafiq ekspertizadan keçib. Növbəti ilin dövlət investisiya proqramı layihəsi ilə bağlı hazırlanan təkliflər sırasında həmin obyektlərin inşası da yer alacaq”, - məlumatda deyilib.