Avqustun 6-7-də idman gimnastikası, akrobatika və tamblinq üzrə növbəti birgə yarış keçiriləcək.
Bədii gimnastika üzrə Azərbaycan və Avropa çempionatlarının müvəffəqiyyətlə keçirildiyi Milli Gimnastika Arenasında bu dəfə, Bakıda keçiriləcək ilk Avropa Oyunlarına təsnifat turnirləri ərəfəsində gimnastikanın digər növləri üzrə yarışlar təşkil olunacaq.
Ötən illərdən fərqli olaraq, bu dəfə üçlü yarış daha da genişlənərək 4 növ üzrə keçiriləcək. Bu yarışlarda qadın idman gimnastikasının nümayəndəsi, “Avro-2014”ün vitse-çempionu Anna Pavlova Bakı tamaşaçılarına paralel qollarda “uçuş”lar, tir üzərində “döngə”lər, həmçinin dayaqla tullanma və sərbəst hərəkətlərdə öz ustalığını nümayiş etdirəcək.
Yarışlarda Bakı Gimnastika Məktəbini, Respublika Olimpiya İdman Liseyini, Nizami Rayon İdman Məktəbini və “Neftçi” Cəmiyyətini təmsil edən 80 idmançı mübarizə aparacaq.
Turnirin ilk gününün səhər və gündüz sessiyalarında yunior idman gimnastları, akrobatlar və tamblinqçilər çıxış edəcəklər. Axşam proqramında isə idman gimnastları arasında qalib müəyyənləşəcək.
Böyük gimnastlar arasında qızıl medala əsas namizədlər Oleq Stepko və Petr Paxnyukdur. Akrobatlar və tamblinqçilər arasında çempionlar yarışın ikinci günündə bəlli olacaq. Yarışın hər iki günündə fasilələr zamanı batut üzrə milli komandanın üzvləri nümunəvi çıxışları ilə ustalıqlarını nümayiş etdirəcəklər.
Azərbaycan Gimnastika Federasiyası bu dəfə də birgə yarışlara beynəlxalq dərəcəli hakimləri dəvət edib. Onlar Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin üzvü Arturs Mitskevitçs (Latviya), Avropa Gimnastika İttifaqının Texniki Komitəsinin üzvləri Mario Vukoya (Xorvatiya) və Dmitriy Andreyev (Rusiya), həmçinin Gürcüstan Milli Gimnastika Federasiyasının vitse-prezidenti Besarion Qamsaxurdiya, Qazaxıstan Gimnastika Məktəbinin baş məşqçisi Aleksandr Kim və Belarus Milli Gimnastika Federasiyasının baş katibi Andrey Fedorovdur.
AzərTAc