24 sentyabr 2014-cü il tarixdən Bakıdan Nyu-Yorka müntəzəm reyslərin yerinə yetirilməsinə, cari il avqustun 1-dən isə həmin istiqamətdə aviabiletlərin satışına başlanıb.
Bu barədə Azərbaycanın milli aviadaşıyıcısı – “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti məlumat verib.
Məlumata görə, Nyu-York şəhərinin Kennedi hava limanına (JFK) reyslər hər həftə çərşənbə və şənbə günləri yerinə yetiriləcək, Bakıdan uçuş yerli vaxtla saat 06.00-da, Şimali Amerikanın ən iri şəhərində enmə isə yerli vaxtla saat 09.30-da nəzərdə tutulub. Geri istiqamətdə uçuşlar həftənin eyni günlərində saat 11.30-da həyata keçiriləcək, Azərbaycanın paytaxtında enmə isə növbəti gün saat 08.00-da baş tutacaq.
Nyu-Yorka birbaşa uçuşlar AZAL-ın müasir tarixində əlamətdar hadisədir və yeni, keyfiyyətli və daha yüksək inkişaf səviyyəsinə keçidin bariz nümunəsidir.
Reyslər uzaqməsafəli istiqamətlərdə uçuşlar üçün nəzərdə tutulmuş müasir, çox rahat “Airbus-A 340” tipli hava gəmilərində yerinə yetiriləcək.
Oxu.az