Azərbaycan Prezidenti İlham Əliyev avqustun 4-də Xətai rayonundakı 56 nömrəli orta məktəbin binasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Dövlətimizin başçısının tapşırıqlarına əsasən Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilir. Xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası uğurla həyata keçirilir. Yeni dərs ili ərəfəsində respublikanın hər yerində olduğu kimi, paytaxtda və eləcə də ətraf qəsəbələrdə orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdi. Bildirildi ki, məktəbin binası 1976-cı ildə inşa olunub. 960 şagird yerlik məktəbdə Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Prezidentin tapşırıqlarına uyğun olaraq, yeni dərs ilinə hazırlıq məqsədilə məktəbin binası əsaslı şəkildə yenidən qurulub, lazımi ləvazimatla təchiz edilib.
Dövlətimizin başçısına Xətai rayonundakı məktəblərdə görülən təmir və yenidənqurma işləri barədə də məlumat verildi.
Prezident İlham Əliyev məktəbin sinif otaqlarına baxdı, fənn kabinetlərində yaradılan şəraitlə yaxından tanış oldu. İdman zallarında və hərbi hazırlıq kabinetində də yüksək şəraitin yaradıldığı vurğulandı.
AzərTAc