Azərbaycanda “Premium Euro-95” markalı benzinin qiyməti qalxıb
6.8.2014

Azərbaycanda “Premium Euro-95” markalı benzinin qiyməti artıb.

Ölkəyə xaricdən gətirilən və qiyməti bundan əvvəl 93 qəpiyə satılan bu növ yanacaq 4 qəpik artaraq 97 qəpik olub.

Ölkədə geniş yanacaqdoldurma məntəqələrinə (YDM) sahib olan şirkətlərdən “APA-Economics”ə verilən məlumata görə, qiymət artımı bu gündən etibarən baş verib.

“Lukoyl Azərbaycan” şirkətindən bildirilib ki, “Premium Euro-95” markalı benzini Azərbaycan Dövlət Neft Şirkətinin tövsiyə etdiyi qiymətə uyğun olaraq satır: “Bildiyiniz kimi, bu növ yanacaq sərbəst qiymətlərlə satılır və gecə saatlarından etibarən qiymət 97 qəpik təşkil edib”.

“Azpetrol” şirkətindən “APA-Economics”ə bildiriblər ki, sözügedən yanacaq markasının qiymətinin artmasına səbəb dünya bazarlarında neftin qiymətinin dəyişilməsidir: “Azərbaycanda yalnız iki şirkət - ARDNŞ və “Azpetrol” “Premium Euro-95” markalı benzinin ölkəyə gətirilməsi ilə məşğuldur. “Azpetrol” adıçəkilən benzin markasını Yunanıstandan idxal edir. Dünya bazarında neftin qiymətində baş verən artım “Premium Euro-95” markalı benzinin satış qiymətinə təsirini göstərib”.

Qeyd edək ki, Azərbaycanda yanacaqdoldurma məntəqələrində satılan "Premium Euro-95" benzini ölkəyə xaricdən idxal edilir və idxal edilən benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir.

APA