Litvanın Panevejis şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1-ci dərəcəli “Panevejis-2014” turnirinə yekun vurulub.
Velosiped idmanının trek növü üzrə keçirilən yarışının sonuncu günündə Azərbaycan yığma komandası daha bir qızıl medal qazanıb.
Qadınlar arasında 200 metr məsafəyə sprint yarışlarında çıxış edən Olqa İsmayılova təsnifat mərhələsində 11,443 saniyə nəticə göstərməklə bütün rəqiblərini üstələyib və bununla da 2014-cü il mövsümündəki şəxsi rekordunu təzələyib.
Dörddəbir finalda Polşa, yarımfinalda isə Litva idmançılarını mübarizədən kənarlaşdıran velosipedçimiz finalda daha bir litvalı, dünya çempionu və dünya rekordunun sahibi Simona Krupekayteyə rəqib olub. İki yürüşdən ibarət final idmançımızın qələbəsi ilə yekunlaşıb. Bununla da Olqa İsmayılova “Panevejis-2014” turnirində ikinci qızıl medalını qazanıb.
Qeyd edək ki, bir gün əvvəl keyrin yarışlarında da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. Hər qızıl medala görə əldə olunan 80 reytinq balı (cəmi 160 bal) idmançımıza bu ilin noyabrında Meksikada keçiriləcək dünya kuboku yarışlarında iştirak üçün lazım olan xal ehtiyatını tamamlamağa imkan verib.
Millimizin daha bir qadın üzvü Yelena Pavluxina isə 6 müxtəlif növdən ibarət omnium yarışlarında 110 xal toplamaqla 9-cu yeri tutub. Beləliklə, Litva turniri velosipedçilərimiz üçün iki qızıl, bir gümüş və bir bürünc medalla yadda qalıb. Gümüş və bürünc medalı isə komandamıza müvafiq olaraq keyrin və 200 metr məsafəyə sprint yarışlarında çıxış edən Sergey Omelçenko qazandırıb.
AzərTAc