İlham Əliyev Ağdam rayonunda 632 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin açılışında iştirak edib - FOTO
7.8.2014

Prezident İlham Əliyev Ağdam rayonunda 632 məcburi köçkün ailəsi üçün salınan yeni qəsəbənin açılışında iştirak edib.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə yeni salınmış qəsəbə barədə məlumat verdi. Bildirildi ki, qəsəbə Ağdam rayonundan olan 632 məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. Bu, qaçqın və məcburi köçkünlər üçün salınmış 83-cü yaşayış kompleksidir. 70 hektar sahəni əhatə edən qəsəbədə 632 mənzillə yanaşı, 440 yerlik məktəb, 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası da inşa olunub. Qəsəbənin elektrik enerjisi, içməli su və qaz təchizatı ilə bağlı hərtərəfli iş aparılıb. Buraya Ağdam rayonunun “Dörd yol” adlanan ərazisində ağır şəraitdə yaşayan 3100 ağdamlı məcburi köçkün köçürüləcək.

Azərbaycan Prezidenti qəsəbədəki mənzillərdən birində yaradılmış şəraitlə tanış oldu.

Dövlət başçısı qəsəbənin uşaq bağçasında da oldu və burada yaradılan şəraitlə maraqlandı, yeni qəsəbədə çövgan oyununu izlədi və qəsəbədəki 135 nömrəli tam orta məktəbdə də oldu.

Məktəbdə şagirdlərin ən yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait var. Sinif otaqları bütün zəruri inventar və əyani vəsaitlərlə təmin edilib.

Yeni qəsəbə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

president.az