Yeni səyyar laboratoriya ilk sınaqlara başlayıb – FOTO
7.8.2014

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) asfaltın keyfiyyətini müəyyən etmək üçün səyyar sınaq laboratoriyanı istifadəyə verib.

SMPDK-dən verilən məlumata görə, ölkəmizdə ilk belə bir laboratoriyanın qurulmasında məqsəd asfalt-beton qarışığı məhsullarının keyfiyyətinə nəzarətlə bağlı işləri sürətləndirməkdir.

Belə ki, respublikada çəkilmiş və çəkilməkdə olan asfalt yollarının keyfiyyət göstəricilərini operativ və yerində müəyyən etmək üçün Komitənin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) tərəfindən asfaltın sınağı üzrə səyyar laboratoriya alınıb istifadəyə verilib.

Laboratoriyada qurulmuş ən müasir texnoloji avadanlıqlar vasitəsilə həm çəkilmiş, həm də çəkilməkdə olan yollarda asfalt-betonun keyfiyyətini bütün göstəricilər üzrə müəyyən etmək, həmçinin yolun alt qatının-özülünün keyfiyyətini yoxlamaq mümkündür. Səyyar laboratoriyada asfalt-beton qarışığının və bu qarışıqda istifadə olunan materialların – bitum, qırma daş, çınqıl və mineral tozun da keyfiyyəti müəyyən olunacaq.

Laboratoriyada çalışan işçilər xarici ölkələrdə ixtisasartırma kursu keçərək, sınaq metodlarına dərindən yiyələniblər. Laboratoriya artıq ilk sınaqlarına başlayıb.


Oxu.az