Birinci siniflərə xüsusi istedada malik 2696 nəfər qeydiyyatdan keçib. Bakı Şəhəri Təhsil İdarəsindən verilən məlumata görə, təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və BŞTİ–nin tabeliyində olan məktəblərə qəbul avqust ayının 20-dək elektron ərizələr vasitəsilə aparılacaq.
Elektron ərizə vasitəsilə müraciət edənlərin sayının artacağı, 4000-5000 nəfər olacağı gözlənilir.
Artıq avqust ayının 5-dən etibarən müsahibələrə başlanılıb. Öncədən təşkil edilmiş xüsusi komissiyaların iştirakı ilə həyata keçirilən müsahibələr sentyabr ayının 10-dək davam edəcək.
Müsahibə iştirakçıları nəticələrini 48 saat ərzində bakuedu.az saytında bu mövzu ilə əlaqədar yaradılmış bölmədən öyrənə biləcəklər.
Qeyd edək ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən I sinfə qəbul həmin il sentyabrın 16 - dan dekabrın 31 - dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.
ANS PRESS