Avqustun 10-da Xorvatiyanın paytaxtı Zaqrebdə gənclər arasında güləş üzrə dünya çempionatı başa çatıb.
Çempionatın sonuncu günündə 55, 66, 84 və 120 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıblar.
Güləşçilərimiz günü 1 gümüş medalla başa vurub.
Mundialda 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan pəhləvanı Mircəlal Həsənzadə finaladək inamla irəliləyib. Ardıcıl olaraq Qazaxıstan və Yaponiya güləşçilərini təmiz qələbə, Gürcüstan idmançısını böyük hesabla üstələyən təmsilçimiz, yarımfinalda ABŞ idmançısı ilə gərgin keçən görüşü də qələbə ilə başa vurub.
Finalda Mircəlal Həsənzadə Rusiya idmançısına minimal xal fərqi ilə uduzaraq dünya çempionatının gümüş medalı ilə kifayətlənib.
Sərbəst güləş yarışlarının ilk günündə güləşçilərimiz Məhəmmədhacı Muxutov (74 kq) gümüş və Vurğun Əliyev (60 kq) isə bürünc medal qazanıblar.
AzərTAc