Tanınmış müğənni Rəqsanənin qızı Aysu moda biznesinə başlayır. Açılışı
may ayına nəzərdə tutulan moda evi hazırlığının ikin mərhələsini keçib.
Rəqsanə xəbərin açılış ərəfəsində yayılmasını istəmişdi, amma Milli.Az
bəzi detalları əvvəlcədən öyrənə bildi. Müğənni bildirib ki,
qızının bu ideyasının gerçəkləşməsinə qərar vermədən öncə çox düşünüb.
"Əslində, mən Aysunu həkim olaraq görmək istəmişəm. Amma öz istəyini
açıqlayanda qarşı çıxmadım. Əvvəlcə onu sınağa çəkdim".
Öyrəndik ki, moda evinin açılışı Rəqsanənin doğum gününə təsadüf edəcək.
"Doğum günüm mayın 25-dir. Açılış da həmin tarixə planlaşdırılıb.
Açılışda sürpriz qonaqlar olacaq. Həmin qonaqlardan bir neçəsi
Türkiyədən gələcək, onlar tanınmış sənət adamlarıdır", - deyən Rəqsanə
hazırda moda evinə məxsus tikilinin ərsəyə gəldiyini dedi. Onun
əlavəsinə görə, tikili çoxdan hazırdır və təmir işləri gedir:
"Moda evinə ad da seçilib - "Yar". Aysu düşünüb ki, bu ad həm də
evlənməyə hazırlaşan cütlüklər üçün yaxın bir ünvan seçimi olacaq. Biz
hazırlığın son mərhələsində mətbuatı dəyərləndirib xəbəri təfərrüatı ilə
onlarla bölüşəcəyik və anons çarxının ilk yayımı onlara nümayiş
etdiriləcək".