Həkim xəbərdarlığı: körpələrə bal verməyin!
14.8.2014

Təmiz bal can dərmanıdır. Hamı belə deyir. Amma həmişə yox. Yaşı 1-dən aşağı olan körpələrə balın verilməsi onların ziyanınadır.

Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının allerqoloqu Tamilla Mahmudova deyir ki, arılar bal hazırlamaq üçün nektar toplayarkən botulizm bakteriyalarını da özləri ilə gətirə bilirlər. Böyüklərdən fərqli olaraq, uşaqların həzm sistemi botulizm bakteriyalarına nəzarət edə bilmir:

"Körpə uşaqlara bal verəndə, onlarda statik atopik dermatit, allergik gint əmələ gəlir. Uşağın sifəti qızarır, qabıqlanır, sulanır, bədəndə səpkilər əmələ gəlir".

Tamilla Mahmudova bildirir ki, körpələrin mədəsi ancaq ana südünü həzm edə biləcək vəziyyətdə olur. Ona görə də 1 yaşından kiçik körpəyə balın verilməsi düzgün deyil. Əks halda uşağın sağlamlığında digər ciddi problemlər ortaya çıxır:

"Bundan başqa, uşaqlarda burun tutulur. Burundan şəffaf maye axır. Bütün bunlar balın orqanizmə göstərdiyi zərərli təsirlərdir".

Bununla yanaşı, həkim deyir ki, yaşı 1-dən çox olan uşaqlar isə lazım gəldikdə balla qidalana bilərlər.

Milli.Az