“Unibank” tələbələri işlə təmin edəcək
15.8.2014

Uğurlu bank karyerasına başlamaq istəyən gənclər üçün “Unibank”ın elan etdiyi “Gənc İnnovatorlar” layihəsinin ilkin mərhələsi başa çatıb.

Bankdan verilən məlumata görə, ilkin mərhələdə 4 tələbə “Gənc İnnovatorlar” təqaüd proqramına qoşulub. 50-yə yaxın tələbənin məlumatları isə bankın insan resursları məlumat bazasında ehtiyat kimi əlavə edilib.

“Gənc İnnovatorlar” layihəsi, informasiya texnologiyaları sahəsi üzrə karyera qurmaq istəyən tələbələr üçün nəzərdə tutulan təqaüd proqramıdır. İlkin yoxlamanı müvəffəqiyyətlə keçmiş gənclər proqrama qatılaraq, 3 ayadək müddət ərzində bankda ixtisaslaşma keçirlər.

Təqaüdün məbləği proqram iştirakçısının biliklərindən asılı olaraq, 400 manatadək müəyyən edilib. Proqram tələbələrə təqaüdlə yanaşı, yüksək peşəkar kollektivdə təcrübə yığmaq və gələcəkdə işlə təmin olunmaq şansı yaradır.

Qeyd edək ki, “Unibank”ın təqaüd proqramına ali məktəblərdə, informatika texnologiyaları yönümlu ixtisaslar üzrə təhsilini təzə başa vurmuş və ya yuxarı kurs tələbələri qatılıb. Seçimlər tələbələr arasında aparılan yazılı imtahan və fərdi müsahibənin nəticələrinə əsasən aparılıb.

İxtisaslaşmanı müvəffəqiyyətlə bitirənlərə bankda iş təklifi olacaq.

APA