Italiyada insanlara ölmək qadağan edildi
14.3.2012

İtaliyanın Falçano del Massiko kəndinin rəsmiləri sakinlərə ölməyi qadağan ediblər. Martın əvvəlindən 3700 nəfər əhalisi olan Falçano del Massiko kəndinin sakinlərinə ölmək qadağan edilib. Bu əmri yaşayış ərazisinin meri Culio Fava verib.

İş orasındadır ki, kəndin öz qəbiristanlığı yoxdur. Əvvəllər kənddə ölənləri qonşu Karinola kəndində dəfn edirdilər, amma artıq Karinolanın da məzarlığında yer qalmayıb. Kəndin rəsmiləri Karinola kəndinin qəbiristanlığını böyütmək üçün çox yerlərə müraciət etməli olublar, amma bunun üçün dövlət büdcəsindən pul ayırlmayıb ki, ayrılmayıb. Falçano del Massiko üçün ayrıca qəbiristanlıq düzəltmək isə sakinlərin cibinə görə deyil.

Belə olan təqdirqə, Falçanonun meri ictimaiyyətin diqqətini bu problemə cəlb etmək üçün əmr verib. Kəndin sakinlərinə ölmək qadağan edilib.

Hə, onu da demək yerinə düşər ki, kəndin sakinlərinin bəziləri məcburiyyət qarşısında qalıb, qadağanı pozublar.

ANN.Az