Azərbaycan ilə Türkiyə arasında təhsil əlaqələri mühüm əhəmiyyət kəsb edir
15.3.2012

Təhsil naziri Misir Mərdanov Azərbaycanda səfərdə olan Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
M.Mərdanov Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün sahələrdə, o cümlədən təhsildə sürətlə inkişaf etdiyini diqqətə çatdırmışdır. Nazir bildirmişdir ki, hazırda dörd mindən çox azərbaycanlı gənc Türkiyənin nüfuzlu universitetlərində biliklərə yiyələnir. Eyni zamanda, dörd minədək türkiyəli gənc Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil alır.
Ölkəmizdə gənclərin xaricdə təhsil almasına xüsusi önəm verildiyini qeyd edən M.Mərdanov qardaş Türkiyənin ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulamışdır.
Millətin inkişafında təhsilin əhəmiyyətini diqqətə çatdıran Baş nazirin müavini Bəkir Bozdağ növbəti dərs ilində Türkiyədə ali təhsil almaq istəyən azərbaycanlı gənclər üçün ölkənin nüfuzlu universitetlərində 150 yer ayrılacağını bildirmişdir.
Görüşdə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi və doktoranturaya qəbulla bağlı bir sıra digər məsələlər müzakirə edilmişdir.

                                                                                                                                 AzərTAc