Bakıda görkəmli sənətkar Müslüm Maqomayevin xatirəsi anılacaq
15.8.2014

Avqustun 17-də Azərbaycanın dünya şöhrətli musiqiçisi, ecazkar vokal ifaçılığı ilə milyonların qəlbini fəth etmiş Müslüm Maqomayevin doğum günüdür.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu münasibətlə həmin gün Fəxri xiyabanda Azərbaycanın və SSRİ-nin Xalq artisti, böyük müğənni və bəstəkar Müslüm Maqamayevin anım mərasimi keçiriləcək.

Mərasimdə sənətkarın yaxınları, sənət dostları, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.

Müslüm Maqomayev 1942-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 19 yaşında Helsinkidə gənclər festivalının qalibi olub. 1969-cu ildə Polşada keçirilmiş Sopot beynəlxalq mahnı festivalının baş mükafatını qazanıb. İtaliyanın Milan şəhərindəki “La Skala” teatrında təcrübə keçib.

Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. Sənətkar keçmiş SSRİ-nin bir çox təltiflərinə, müstəqil Azərbaycanın “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.

Müslüm Maqomayev 2008-ci ilin oktyabrın 25-də Moskvada vəfat edib. Müğənni doğma şəhəri Bakıda Fəxri xiyabanda dəfn olunub.

AzərTAc