Azərbaycanda daşınmaz əmlakın elektron qeydiyyatına başlanıb
15.3.2012

Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycanda ilk dəfə olaraq daşınmaz əmlakın qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinə başlayıb.

Komitədən verilən məlumata görə, Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlər iki mərhələdə tətbiq ediləcək ki, bunun da 1-ci mərhələsinə artıq mart ayının 1-dən başlanıb. Mayın 1-dən isə elektron xidmətlərin ikinci mərhələsi başlanacaq.

Bu xidmətlərin tətbiqi nəticəsində Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışların və məhdudiyyət (yüklülük) arayışlarının alınması üçün vətəndaşlardan müraciətlərin və bunun üçün tələb olunan sənədlərin elektron qaydada qəbulu nəzərdə tutulur. Bununla əlaqədar olaraq sabah Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Dünya Bankının dəstəyi ilə həyata keçirilən Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində yaradılacaq Elektron Qeydiyyat İnformasiya Sisteminin təqdimatı keçiriləcək.

Təqdimat mərasimində məqsəd müvafiq dövlət qurumları, qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslərə Elektron Qeydiyyat İnformasiya Sisteminin mahiyyəti, iş prinsipi və ondan istifadə imkanları barədə məlumat vermək, bu sahədə müvafiq izahat işləri aparmaqdır.

APA