“Bakı Metropoliteni” Fransa şirkəti ilə müqavilə imzalayıb
20.8.2014

“Bakı Metropoliteni” QSC Fransanın “THALES SA” şirkəti ilə müqavilə imzalayıb.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, imzalanan müqaviləyə əsasən Fransa şirkətindən idarəetmə və işarəvermə avadanlıqlarının alınması nəzərdə tutulub.

İlkin mərhələdə alınacaq avadanlıqlar “Bakı Metropoliteni”nin tikilməkdə olan “Avtovağzal” və “Memar Əcəmi-2” (Bənövşəyi xətt) stansiyalarında istifadə ediləcək.

Müqavilədə müasir tələblərə cavab verən, dünya miqyaslı qabaqcıl texnologiyalardan olan idarəetmə və işarəvermə avadanlıqlarının alınması, quraşdırılması, proqram təminatı və sair məsələlər öz əksini tapıb.

Yeni sistemin tətbiqi ilə bütün idarəetmə və işarəvermənin tam avomatlaşdırılması, həmçinin bu sahədə insan amilinin minimuma endirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Fransa prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəri zamanı “Bakı Metropoliteni” QSC ilə Fransanın 3 şirkəti arasında 5 Anlaşma Memorandumu imzalanıb. “Alstom Transport SA”, “BOUYGUES TRAVAUX PUBLİCS, LLS”, “THALES S.A” şirkətləri ilə imzalanan Anlaşma Memorandumunda nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün adıçəkilən şirkətlərlə qarşılıqlı əməkdaşlıq edilməsi və müvafiq müqavilələrin imzalanması nəzərdə tutulub.

APA