Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov qlobal informasiya və kommunikasiya texnologiyaları (İKT) həlləri üzrə aparıcı servis provayderi olan “Huawei” şirkətinin Azərbaycan ofisinə yeni təyin olunmuş rəhbəri Liu Jianvei ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, nazir Əli Abbasov Azərbaycanın ümumi iqtisadi nailiyyətləri, o cümlədən də respublikada informasiya texnologiyaları sahəsində aparılan islahatlar, perspektivlər barədə qonaqları məlumatlandırıb. O, ölkəmizdə bu sahənin inkişaf templərinin ildən-ilə yüksəldiyini vurğulayıb.
Xüsusilə həyata keçirilən yerli və regional layihələr - “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM), “EuraCA” (Eurasian Connectivity Alliance), fiber-optik kabel şəbəkəsi üzərindən ölkənin hər bir yaşayış məntəqəsində əhalinin yüksəksürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını nəzərdə tutan “Milli genişzolaqlı internetin inkişafı”ndan söz açan nazir “Huawei”in də gələcəkdə bu kimi layihələrdə iştirak edə biləcəyini vurğulayıb.
L. Jianvel də öz növbəsində, mobil rabitə, internet və informasiya-kommunikasiya texnologiyaları sahəsində “Huawei”in Azərbaycanla əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu bildirib.
Daha sonra tərəflər qarşılıqlı maraq doğuran məsələlər, əməkdaşlıq perspektivləri ilə bağlı müzakirələr aparıblar.
APA