Bakıda və Abşeron yarımadasında uzun müddət hökm sürən anomal istilərdən sonra havanın temperaturu avqustun 21-dən başlayaraq enəcək.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib.
U.Tağıyeva bildirib ki, avqustun 21-dən sonra Bakı və Abşeron yarımadasında havanın temperaturu ötən günlərlə müqayisədə 4-5 dərəcə enəcək və iqlim normasına yaxınlaşacaq.
Yaxın 2-3 gün ərzində, yəni avqustun 24-dək Bakı və Abşeron yarımadasında havanın temperaturu gündüz 32-35 dərəcədən yüksək olmayacaq. Eyni zamanda şimal küləyi güclənəcək.
Avqustun 21-i, 22-si, 23-ü əsasən gecə və səhər saatlarında şimal küləyi artacaq, küləyin gücü saniyədə 15-20 metr, bəzi ərazilərdə isə 25 metr olacaq.
Azərbaycanın digər ərazilərində də havanın temperaturu enəcək.
Milli.Az