Yaponiyanın ölkəmizdəki səfiri “İrəli” Gənclik Mərkəzində olmuşdur
19.7.2011

İyulun 19-da Yaponiya Mədəniyyət Günləri çərçivəsində bu ölkənin Azərbaycandakı səfiri Şusuke Vatanabe “İrəli” Gənclik Mərkəzində olmuşdur. Qonaq əvvəlcə mərkəzlə tanış olmuş, gənclərin iş fəaliyyəti ilə maraqlanmışdır. Sonra dəyirmi masa ətrafında davam edən görüşdə “İrəli” İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Ceyhun Osmanlı səfirə rəhbərlik etdiyi təşkilatın yaranması, əhatə dairəsi və həyata keçirdiyi layihələr haqqında məlumat vermişdir. O, Yaponiya səfirliyi ilə qısa müddətdə yaranan əlaqələrdən söhbət açmış və bunu Ş.Vatanabenin gənclərə diqqəti ilə izah etmişdir. Tədbirdə çıxış edən səfir Ş.Vatanabe xalqlar arasında dərin dostluq münasibətlərindən, Azərbaycan və yapon mədəniyyəti arasındakı oxşar cəhətlərdən, ölkələrimizin mədəni əməkdaşlığının uğurlu inkişafından və bütün sahələrdə əlaqələrin gündən-günə genişlənməsindən danışmışdır. Ölkəmizin təbii sərvətləri və insanları ilə zəngin olduğunu deyən səfir Azərbaycan gənclərinin gələcəyinə böyük ümidlər bəslədiyini bildirmişdir. Demişdir ki, bu qədər gəncin yapon dilinə və mədəniyyətinə marağı onda təəccüb doğurur. Ona görə də arzu edirəm ki, bu gənclər Yaponiyanı öz gözləri ilə görsünlər.
Səfir Ş.Vatanabe ölkəsində baş verən zəlzələdən sonra yapon xalqının dərdinə şərik olmaq üçün səfirliyə gələn qaçqın uşaqların onu kövrəltdiyini bir daha diqqətə çatdırmışdır.
Səfir gənclərin yapon mədəniyyəti, adət-ənənəsi və musiqisi ilə bağlı suallarını cavablandırmışdır.
Görüşdə yapon gənclərinin həyat tərzi, düşüncə və davranışlarından bəhs edən film göstərilmişdir.